Arıçılıq Azərbaycanda ən qədim təsərrüfat sahələrindən biri sayılır. Ölkəmizdə arıçılığın inkişaf etdirilməsi üçün kifayət qədər əlverişli şərait mövcuddur. Son illər bu sahəyə diqqətin artırılıması arıçılıqla məşğul olanların sayına müsbət təsir göstərib. Hazırda isə Azərbaycan arıçıları xarici bazara çıxış imkanlarını genişləndirmək üçün yeni yollar axtarırlar. “Həftə içi” qəzeti Azərbaycan Arıçılar Assosiasiyasının prezidenti Bədrəddin Həsrətovla ölkəmizdə arıçılığın mövcud vəziyyəti, problemlər, gələcək perspektivlər və digər məsələlər ətrafında söhbət aparıb.
- Bədrəddin müəllim, bu gün Azərbaycanda arıçılığın inkişafı ilə bağlı vəziyyət necədir?
- Son illər arıçılığın inkişafında müsbət dəyişikliklər var. Bildiyiniz kimi, 2018-ci ildə ölkə Prezidenti arıçılığın inkişafının stimullaşdırılması üçün sərəncam imzalamışdı. Sərəncama görə, arıçılara dəstək kimi dövlət büdcəsindən subsidiya ayrılması qərara alındı. Subsidiyalaşmanı bizim assosiasiya təklif etmişdi. Biz təşəkkür edirik ki, ölkə rəhbərliyi buna qarşılıq verdi və hər arı ailəsinə 10 manatdan subsidiya verilməsi nəzərə alındı. Düzdür, bəzən bu vəsaitin az olduğu dilə gətirilir. Amma mənim fikrimcə, əsas odur ki, dövlət bizə bir manat da versə, bunu qayğı kimi qəbul etməliyik. Konkret son 3 ili götürsək, Azərbaycanda təxminən 300 min arı ailəsindən say 500 minə çatıb. Eyni zamanda, arıçıların da sayı artıb. Azərbaycanda arıçılıqla məşğul olanların sayı 20 minə yaxınlaşır.
Bu isə o deməkdir ki, artıq büdcədən 5milyon manat arıçılığın stimullaşdırılmasına pul ayrılır. Hesab edirəm ki, bu vəsait Azərbaycan arıçı ailəsinə gedir. Yəni, bunu hər arıçının cibinə deyil, ümumilikdə arı ailəsinə gələn pul sayıram. Ona görə də üç və ya beş milyon manatın bu sektorun dirçəlməsinə müəyyən qədər təsiri var. Subsidiyanın verilməsinin daha bir üstün tərəfi odur ki, arı ailələrinin dəqiq qeydiyyatı aparılır. Son illərədək bu sahədə fərqli rəqəmlər var idi və identifikasiya kodlarının verilməsi vəziyyəti daha real qiymətləndirməyə imkan yaratdı. Belə ki, identifikasiya kodları veriləndən sonra bütün pətəklərin üzərinə xüsusi barkodlar vurulur. Bu o deməkdir ki, artıq “Elektron Kənd” təsərrüfatı portalında həmin arı ailəsi barədə bütün məlumatlar mövcuddur. Deməyim odur ki, arıçılığa dövlət dəstəyi bu işə marağı artırıb. Eyni zamanda, ölkədə bala olan tələbatın artması da işimizə müsbət təsir göstərib. Kim istəməz ki, süfrəsində təbii bal olsun. Bal min bir dərdin dərmanıdır. Dünyada yaponlar, almanlar daha çox baldan istifadə edirlər. Onlar şəkərə olan tələbatı balla ödəyirlər. İbn Sina əbəs yerə deməyib ki, nə olaydı təbabətdə istifadə olunan bütün dərmanlar bal kimi həm qida, həm də dərman olaydı. İndi bizim ölkəmizdə bala olan tələbat təxminən 5 min tondur. 2020-ci ildə istehsal 6 min tona yaxınlaşdı. İndi qalır yavaş-yavaş ixraca doğru getmək.
- Xarici bazarlara çıxış imkanlarının hansı səviyyədədir? Dünya bazarlarında Azərbaycan balına təlabat varmı?
- Azərbaycan balına dünyada da maraq artmağa başlayıb. Son illər az miqdarda da olsa, ərəb ölkələrinə göndərilir, bir az da Yaponiyaya gedir. Avropa ölkələrinə isə hələ ki, çıxış imkanımız yoxdur. Azərbaycandan heyvan mənşəli qidalar almırlar. Buna qadağa var. Qida Təhlükəsizliyi Agentliyi artıq bu istiqamətdə danışıqlara başlayıb. Güman edirik ki, həmin danışıqlar uğurla nəticələnəcək və qadağa aradan götürüləcək. Biz yavaş-yavaş ixraca doğru getməliyik. Bazar araşdırmaları davam edir. “Azpromo”nun xətti ilə bir çox ərəb ölkələrində, Avropa ölkələrində bazar araşdırmaları aparırıq. Artıq işğalda olan torpaqlarımız da azad olunub. Bu da bal istehsalı üçün bizə geniş imkanlar açır.
- Yeri gəlmişkən, işgaldan azad olunmuş ərazilərimizdə arıçılığın inkişafına dair hansı təklifləriniz var?
- Deyə bilərəm ki, artıq Azərbaycan Arıçılar Assosiasiyası tərəfindən Qarabağda arıçılığın inkişafına dair proqramın hazırlanmasına başlanılıb.Görülən işlər çərçivəsində bir müddət əvvəl mütəxəssislərimiz Qarabağ bölgəsinə ezam olunublar. Biz təxminən 10 gün ərzində orada olduq, əraziləri gəzdik. Ümumiyyətlə, keçmişdə olduğu kimi, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan və s. bölgələr arıçılıq üçün ideal şəraiti olan ərazilərdir. Bir neçə arıçı aprel-may aylarında başlayan mövsümə öz təsərrüfatlarını Qarabağ bölgəsinə köçürməklərinə dair müraciət ediblər ki, bu müraciətlər artıq dövlətə təqdim olunub. Qarabağda arıçılıq sürətləndirilsə, birmənalı olaraq istehsal artacaq. Hesab edirəm ki, bu gün həmin ərazilərdə arıçılığı işğaldan əvvəlki vəziyyətdən də qat-qat yaxşı inkişaf etdirmək olar. Vaxtilə, Kəlbəcər, Laçında arıçılıq daha çox inkişaf etmişdi. Hesab edirik ki, Qarabağın aran hissəsində, arazqırağı ərazilərdə də arıçılığın inkişafı üçün münbit şərait mövcuddur. Yəni, Qarabağda arıçılığı iki yerə bölməyi planlaşdırırıq. Həm dağ arıçılığı, həm də aran arıçılığı. Düşünürük ki, Qarabağın dağlıq hissəsi ilə yanaşı, aran hissəsində də arıçılığı inkişaf etdirmək mümkündür. Həmin ərazilərin bitki örtüyü də fərqlidir. İşğaldan azad edilmiş torpaqlarda bu təsərrüfatın inkişafı məhsuldarlığın 50 faiz artımına səbəb olacaq. Orada təxminən 300 min arı ailələrin artımı olacağı proqnozlaşdırılır. Bu da o deməkdir ki, Azərbaycanda illik bal istehsalı 10 min tonu keçəcək. Deməli, təxminən 5-6 min ton məhsulu ixrac etmək imkanı yaranacaq. Bu isə ölkə büdcəsinə əlavə valyutanın daxil olması deməkdir.
- Hazırda üzvlərinizin sayı neçə nəfərdir?
- Arıçılar Assosiasiyası 2016-cı ildə rəsmi qeydiyyatdan keçib. Üzvlərimizin sayı 10 mindən çoxdur. Hazırda 46 rayonda 4 şəhərdə nümayəndəliyimiz fəaliyyət göstərir. Assosiasiyanın tərkibində bir neçə komissiya var. Bu sıradan arı xəstəliyinin araşdırılması, bal bazasını yaxşılaşdırmaq, satış üzrə komissiyaları qeyd etmək olar.
- Bu gün arıçıların əsas problemləri nədən ibarətdir? Daha çox hansı məsələlərlə bağlı sizə müraciət edirlər?
- Bizdə əsas problem arı xəstəlikləri ilə bağlı peşəkar mütəxəssisin olmamasıdır. Bununla bağlı laboratoriya da yox dərəcəsindədir. Hansısa bir arı ailəsində ölüm olanda Respublika Baytarlıq Xidmətinə müraciət edirik. Onlar o qədər operativ cavab vermirlər. Bəzən də verdikləri cavab dəqiq olmur. Məcbur olub analizləri Türkiyəyə göndəririk. Baxmayaraq ki, bu kifayət qədər bahalı analizdir, amma sağ olsunlar Türkiyədə bizdən ödəniş də istəmirlər. Buna baxmayaraq analizlərin cavabının Azərbaycana gəlməsi müəyyən vaxt aparır. O vaxta kimi də xeyli arı ölümləri baş verir. Yəni, Azərbaycanda sırf arı xəstəlikləri ilə məşğul olan baytar həkim də yoxdur. Bu problemi arıçılar özləri həll etmək məcburiyyətində qalırlar. Onlar baytar həkim olmaq məcburiyyətindədirlər. Qış aylarında bəzi yerlərdə kütləvi ölümlər baş verib. Düzdür, onlar bərpa olunacaq. Bizi narahat edən əsas problem onların ölüm səbəblərini vaxtında və dəqiq müəyyən edə bilməməyimizdir. Biz səbəbi öyrənmək üçün bilmirik ki, kimə müraciət edək, kiminlə məsləhətləşək. Assosiasiya olaraq özümüz arı xəstəlikləri ilə məşğul olan bir komissiya yaratmışıq. Bizim üzvlərdən bu işi daha yaxşı bilənlər, daha yaxşı təcrübəyə malik olanlar bu komissiyada cəmləşiblər.
- Azərbaycanda yaşayan arıların cins tərkibini yaxşılaşdırmaq, cılızlaşmanın qarşısını almaq üçün hansı addımlar atılır?
- Əslində, qanunla Azərbaycana başqa cinslərin daxil olması qadağandır. Biz isə yerli cinslərin həddindən artıq cırlaşmasının qarşısını almaq iqtidarında deyilik. Bunun üçün xüsusi dövlət proqramının hazırlanmasına ehtiyac var. Ümumilikdə,cins tərkibini yaxşılaşdırmaq üçün arılarda xeyli iş aparılır. Biz başqa ölkələrdən uyğun cinslər gətirmişik. Bizim yerli arı cinsi "Boz Dağ Qafqaz" dağlıq ərazilərdə və 'Sarı Qafqaz" aran ərazilərdə yaşayan arı cinsidir. Avstriyada Alp dağlarında yaşayan, bir çox xüsusiyyətlərinə görə bizim “Boz Dağ Qafqaz” arısına çox yaxın, lakin almanlar və avstriyalılar tərəfindən 110 illik bir seleksiya, islah keçmiş "Karnika" arısı dünyanın çox yerinə yayılıb. Bundan başqa, Karpat dağlarında yaşayan, yenə bizim “Boz Dağ Qafqaz” arısına oxşarlığı olan, seleksiya olunmuş "Karpat" arısı da geniş yayılan cinslərdəndir. Dünyada ən çox istifadə olunan 5-6 arı cinsinin ən yaxşı xüsusiyyətlərini özündə cəmləşdirən “Bakfast” arısı da yaxşı kombinasiya sayılır. Bu cinsin əsas işi ancaq bal toplamaqdır. Azərbaycana əsasən bu üç arı gətirilir. Hər bir halda bizim yerli arı genofondumuzun qorunması vacibdir. Biz Qaxda izolə edilmiş müəyyən bir ərazidə buna nail olmuşuq. Bunun üçün xüsusi dövlət proqramının hazırlanması lazımdır. Arıçılıq strateji sahədir, ekologiyaya da böyük fayda verir. Bütün dünyada arıçılıq sahəsini tozlanmaya fayda verdiyinə görə qorumağa çalışırlar, inkişaf etmiş ölkələrdə bağları tozlandırmaq üçün hər arı ailəsinə vəsait ayrırlar. Dünyaca məşhur alim Albert Eynşteyn deyirdi ki, bal arısı məhv olarsa, həyat 4 ildən 10 ilə qədər davam edə bilər. Alim bunu boşuna deməyib. Entonofil bitkilərdə animafillər az olduğundan, onların çarpaz tozlanması az baş verir. Yəni onlar arasında küləklə tozlananlar azdır. Həşəratla tozlanan bitkilər daha çoxdur. Tozlamanın 85 faizini bal arısı aparır. İndi təsəvvür edək ki, tozlanma yoxdur, bitki örtüyü məhv olur, canlı aləmin aqibəti necə olar?! Ona görə də bütün dünyada arıçılar cəmiyyətin ərköyün təbəqəsinə çevriliblər. Bütün dünyada arıçılara subsidiyalar verilir, onlara xüsusi dəstəklər var.
- Hazırda daha çox hansı ölkələrin arıçıları ilə əməkdaşlıq edirsiniz?
- Daha çox Türkiyədən olan arıçılarla sıx işləyirik. Onlara Azərbaycana gəlir, biz Türkiyəyə gedirik. Bundan başqa Ukrayna arıçıları ilə əməkdaşlığımız var. Rusiya, Orta Asiya arıçıları ilə fikir mübadiləsi aparırıq. Amerika, Almaniya, Avstriya arıçıları ilə də ünsiyyətimiz var. Almaniya və Hollandiyaya səfər çərçivəsində ikitərəfli əməkdaşlığa dair dostluq memorandumu da imzalamışıq.